İSTİFADƏ ŞƏRTLƏRİ
1. Ümumi müddəalar
Hazırkı Platformadan İstifadə Şərtləri (bundan sonra – “Şərtlər”) Platformanın istifadəsi, İstifadəçinin qeydiyyatı, Platforma vasitəsilə qızılın alınması, saxlanması, fiziki təhvil verilməsi, habelə Platforma tərəfindən göstərilən digər xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir.
Platformada qeydiyyatdan keçməklə və ya Platformadan istifadə etməklə İstifadəçi bu Şərtlərlə tam tanış olduğunu, onların məzmununu başa düşdüyünü və qeyd-şərtsiz qəbul etdiyini təsdiq edir.
Platformanın istifadəsi yalnız bu Şərtlərin qəbul edilməsi ilə mümkündür. Bu Şərtlər Platformada dərc olunan digər məcburi sənədlərlə birlikdə tətbiq edilir.
2. Anlayışlar
Bu Şərtlərdə istifadə olunan aşağıdakı anlayışlar aşağıdakı mənaları ifadə edir:
Operator – Platformanı idarə edən, Platformanın fasiləsiz fəaliyyətini təmin edən, müvafiq hallarda Satıcı ilə İstifadəçi arasında vasitəçilik xidmətləri göstərən və ya özü Satıcı qismində çıxış edərək qızılın alğı-satqısı üzrə müqavilənin tərəfi olan hüquqi şəxs.
Platforma – Operator tərəfindən idarə olunan və İstifadəçilərə Satıcılardan qızıl almaq, alınmış qızılın saxlanmasını izləmək, fiziki çatdırılmasını sifariş etmək və geri satışını həyata keçirmək imkanı verən internet saytı və/və ya mobil tətbiq.
Satıcı – müvafiq Sifariş üzrə qızılın satışını həyata keçirən və həmin qızıl üzərində mülkiyyət hüququna malik olan Operator və ya Platformaya qoşulmuş digər hüquqi şəxs.
İstifadəçi – Platformada qeydiyyatdan keçmiş və bu Şərtlərə uyğun olaraq Platformadan istifadə edən fiziki şəxs.
Qızıl – Platforma vasitəsilə satışa təqdim olunan, müəyyən əyara malik qiymətli metal.
Sifariş – İstifadəçinin Platforma vasitəsilə müəyyən miqdarda qızıl almaq və ya fiziki çatdırılmasını tələb etmək barədə elektron göstərişi.
Qızıl Balansı – İstifadəçinin mülkiyyətində olan və Platformada qram, unsiya və ya digər müvafiq ölçü vahidi ilə əks etdirilən qızılın miqdarı.
ÖXT – Platforma üzərindən ödənişlərin həyata keçirilməsini təmin edən lisenziyaya malik ödəniş xidməti təchizatçısı.
Partnyor – Operatorun bu Şərtlərdə nəzərdə tutulmuş xidmətlərin tam və ya qismən göstərilməsi məqsədilə əməkdaşlıq etdiyi, o cümlədən qızılın saxlanması, daşınması, çatdırılması və ya digər əlaqədar xidmətləri həyata keçirən şəxs.
3. Platformanın hüquqi statusu
3.1. Operator Platformanın texniki və təşkilati fəaliyyətini təmin edir, Sifarişlərin qəbulunu təşkil edir. Operatorun müvafiq Sifariş üzrə Satıcı qismində çıxış etmədiyi hallarda, Satıcı ilə İstifadəçi arasında məlumat mübadiləsini və vasitəçilik xidmətlərini təmin edir.
3.2. Operator müvafiq Sifariş üzrə Satıcı qismində çıxış etmədiyi hallarda:
- qızılın satıcısı hesab edilmir;
- qızıl üzərində mülkiyyət hüququ əldə etmir;
- İstifadəçi ilə Satıcı arasında bağlanan alğı-satqı müqaviləsinin tərəfi olmur.
3.3. İstifadəçi tərəfindən Sifariş təsdiq edildikdən, Satıcı tərəfindən qəbul edildikdən və müvafiq ödəniş uğurla həyata keçirildikdən sonra Satıcı ilə İstifadəçi arasında həmin Sifariş üzrə qızılın alğı-satqısına dair müqavilə bağlanmış hesab edilir.
3.4. Operator ödəniş xidmətləri, elektron pul emissiyası, investisiya xidmətləri və ya qanunvericiliklə xüsusi lisenziya tələb olunan digər maliyyə xidmətlərini həyata keçirmir.
3.5. Platformada göstərilən xidmətlər İstifadəçinin fiziki qızıl əldə etməsinə yönəlmişdir və investisiya məhsulu, əmanət, elektron pul və ya digər maliyyə aləti hesab edilmir.
4. Qeydiyyat və İstifadəçi Hesabı
4.1. Platformadan istifadə etmək üçün şəxs qeydiyyatdan keçməli və İstifadəçi hesabı yaratmalıdır.
4.2. Platformada qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tam mülki hüquq fəaliyyət qabiliyyətinə malik fiziki şəxslər üçün mümkündür.
4.3. Qeydiyyat zamanı İstifadəçi Platforma tərəfindən tələb olunan məlumatları tam, düzgün və aktual şəkildə təqdim etməyə borcludur. İstifadəçi təqdim etdiyi məlumatlarda dəyişiklik baş verdiyi halda həmin məlumatları dərhal yeniləməlidir.
4.4. Qeydiyyat prosesi İstifadəçi tərəfindən təqdim edilmiş mobil telefon nömrəsinə göndərilən birdəfəlik təsdiq kodunun (OTP) uğurla təsdiq edilməsindən sonra başa çatmış hesab edilir. OTP kodunun təsdiq edilməsi:
- İstifadəçinin təqdim etdiyi mobil nömrənin ona məxsus olmasını;
- Platformada yaradılmış hesabın həmin İstifadəçi tərəfindən istifadə olunacağını;
- İstifadəçinin bu Şərtləri və Platformada yerləşdirilən digər məcburi sənədləri elektron formada qəbul etdiyini təsdiq edir.
4.5. Platforma qanunvericiliyin tələblərinə, daxili uyğunluq prosedurlarına və ya təhlükəsizlik məqsədlərinə uyğun olaraq istənilən vaxt İstifadəçidən əlavə məlumat və ya sənədlər təqdim edilməsini tələb edə bilər.
4.6. Hər bir İstifadəçi yalnız bir İstifadəçi hesabı yarada bilər. Platforma eyni şəxsə aid olduğu müəyyən edilən bir neçə hesabı əvvəlcədən xəbərdarlıq etmədən birləşdirmək, məhdudlaşdırmaq və ya deaktiv etmək hüququnu özündə saxlayır.
4.7. İstifadəçi öz hesabına giriş məlumatlarının məxfiliyinin qorunmasına cavabdehdir və həmin hesab vasitəsilə həyata keçirilən bütün əməliyyatlara görə məsuliyyət daşıyır.
4.8. İstifadəçi hesabından icazəsiz istifadə edilməsi, təhlükəsizlik pozuntusu və ya bu cür hallara dair əsaslı şübhə yarandıqda, İstifadəçi bu barədə dərhal Platformanı məlumatlandırmalıdır.
4.9. Platforma aşağıdakı hallarda qeydiyyatı rədd etmək, İstifadəçi hesabını məhdudlaşdırmaq və ya dayandırmaq hüququna malikdir:
- təqdim edilmiş məlumatların natamam, yanlış və ya aldadıcı olması;
- İstifadəçinin şəxsiyyətinin təsdiq edilməsinin mümkün olmaması;
- qanunvericiliyin tələblərinin və ya bu Şərtlərin pozulmasına əsaslı şübhənin yaranması;
- dələduzluq, çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və ya digər qanunsuz fəaliyyətlə bağlı risklərin müəyyən edilməsi;
- qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
4.10. Platformada qeydiyyatın tamamlanması İstifadəçiyə Platformadan istifadə hüququ verir, lakin Platforma vasitəsilə qızılın alınması üçün qanunvericiliklə və bu Şərtlərlə müəyyən edilmiş əlavə identifikasiya və ya yoxlama prosedurlarının tamamlanması tələb oluna bilər.
5. İstifadəçinin Eyniləşdirilməsi və Uyğunluq Tələbləri (KYC/AML)
5.1. Operator İstifadəçinin şəxsiyyətinin eyniləşdirilməsi və əməliyyatların qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi məqsədilə risk əsaslı yanaşma tətbiq etmək hüququna malikdir.
5.2. Operator Platforma vasitəsilə İstifadəçidən aşağıdakı məlumat və sənədlərin təqdim edilməsini tələb edə bilər:
- şəxsiyyət vəsiqəsinin və ya digər şəxsiyyəti təsdiq edən sənədin surəti;
- üz tanınması və ya foto (selfi) təsdiqi;
- yaşayış ünvanını təsdiq edən sənəd;
- vəsaitin mənbəyini təsdiq edən məlumatlar;
- qanunvericiliyin və ya daxili uyğunluq prosedurlarının tələb etdiyi digər məlumat və sənədlər.
5.3. Operator İstifadəçinin təqdim etdiyi məlumatların düzgünlüyünü dövlət informasiya sistemləri, üçüncü tərəf xidmət təminatçıları və ya digər qanuni mənbələr vasitəsilə yoxlamaq hüququna malikdir.
5.4. Operator bu Şərtlərin 4.10-cu bəndində nəzərdə tutulmuş əsaslar mövcud olduqda, habelə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, İstifadəçinin hesabını məhdudlaşdırmaq, Sifarişin qəbulunu və ya icrasını dayandırmaq, habelə əməliyyatın həyata keçirilməsindən imtina etmək hüququna malikdir.
5.5. İstifadəçi Operatorun tələb etdiyi əlavə məlumat və ya sənədləri müəyyən edilmiş müddətdə təqdim etmədiyi halda, Operator Platformada müvafiq Sifarişin icrasını dayandırmaq, ləğv etmək və ya İstifadəçi hesabını müvəqqəti məhdudlaşdırmaq hüququna malikdir.
5.6. Operator qanunvericiliyin tələblərinə uyğun olaraq şübhəli əməliyyatlar barədə səlahiyyətli dövlət orqanlarına məlumat vermək hüququna malikdir.
5.7. İstifadəçi təqdim etdiyi bütün məlumat və sənədlərin həqiqi, düzgün və aktual olduğunu təsdiq edir və onların yanlış və ya saxta olması nəticəsində yaranan bütün hüquqi nəticələrə görə məsuliyyət daşıyır.
5.8. Operator tərəfindən aparılan eyniləşdirmə və uyğunluq prosedurları İstifadəçinin qanunvericiliklə nəzərdə tutulmuş digər öhdəliklərini aradan qaldırmır.
6. Sifarişin Rəsmiləşdirilməsi və Qızılın Alınması
6.1. İstifadəçi Platforma vasitəsilə Satıcı tərəfindən satışa təqdim olunan qızılı almaq məqsədilə Sifariş yerləşdirə bilər.
6.2. Sifariş rəsmiləşdirilməzdən əvvəl Platformada ən azı aşağıdakı məlumatlar əks etdirilir:
- alınacaq qızılın miqdarı;
- qızılın cari satış qiyməti;
- tətbiq olunan xidmət haqları və digər ödənişlər (mövcud olduqda);
- ödənilməli ümumi məbləğ.
6.3. İstifadəçi Sifarişi təsdiq etməklə:
- bu Şərtlərlə müəyyən edilmiş qaydada Satıcıdan qızıl almaq iradəsini ifadə etdiyini;
- Sifarişdə göstərilən şərtlərlə razılaşdığını;
- həmin Sifariş üzrə ödənişin həyata keçirilməsinə razılıq verdiyini təsdiq edir.
6.4. Sifariş yalnız Satıcı tərəfindən qəbul edilməsindən və ödənişin uğurla həyata keçirilməsindən sonra qüvvəyə minmiş hesab edilir.
6.5. Qızılın satış qiyməti Sifarişin təsdiq edildiyi anda Platformada əks olunan cari satış qiymətinə əsasən müəyyən edilir və Sifariş qüvvəyə mindikdən sonra dəyişdirilmir. Sifariş qüvvəyə mindikdən sonra qızılın bazar qiymətində baş verən dəyişikliklər həmin Sifariş üzrə əldə edilmiş qızılın miqdarına və ya alış qiymətinə təsir göstərmir.
6.6. Satıcı aşağıdakı hallarda Sifarişin qəbulundan və ya icrasından imtina etmək və ya onun icrasını dayandırmaq hüququna malikdir:
- bu Şərtlərin 4.9-cu bəndində nəzərdə tutulmuş əsaslar mövcud olduqda;
- texniki nasazlıq nəticəsində qiymətin və ya digər məlumatların yanlış əks etdirildiyi müəyyən edildikdə;
- sifariş edilən qızılın stokda olmadığı, ehtiyatlarının tükəndiyi və ya hər hansı digər səbəbdən Sifarişin icrası üçün əlçatan olmadığı müəyyən edildikdə;
- qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
6.7. Sifariş qüvvəyə mindikdən sonra İstifadəçi onu birtərəfli qaydada ləğv edə bilməz. Qaytarma və ya digər dəyişikliklər yalnız bu Şərtlərdə və ya qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkündür.
7. Qızıl üzərində mülkiyyət hüququ və Qızıl Balansı
7.1. Bu Şərtlərin 6.4-cü bəndində nəzərdə tutulmuş qaydada Sifariş qüvvəyə mindiyi andan etibarən, Sifarişdə göstərilən miqdarda qızıl üzərində mülkiyyət hüququ Satıcıdan İstifadəçiyə keçir.
7.2. Satın alınmış qızıl İstifadəçinin mülkiyyətində qalır və Satıcı tərəfindən, zərurət olduqda isə Partnyorun cəlb edilməsi ilə, bu Şərtlərdə müəyyən edilmiş qaydada İstifadəçinin xeyrinə saxlanılır.
7.3. İstifadəçinin Platformadakı hesabında yalnız ona məxsus qızılın miqdarı əks etdirilir. Qızıl Balansı qram, unsiya və ya Platformada göstərilən digər ölçü vahidi ilə ifadə olunur.
7.4. Qızıl Balansı:
- pul vəsaiti hesab edilmir;
- elektron pul hesab edilmir;
- bank hesabı, depozit və ya digər maliyyə aləti hesab edilmir;
- yalnız İstifadəçinin mülkiyyətində olan qızılın miqdarını əks etdirir.
7.5. Qızıl Balansında əks olunan qızılın bazar dəyəri qızılın cari qiymətindən asılı olaraq dəyişə bilər. Bu dəyişikliklər İstifadəçinin mülkiyyətində olan qızılın miqdarına təsir göstərmir.
7.6. İstifadəçi Qızıl Balansında göstərilən miqdarda qızılın bu Şərtlərə uyğun olaraq saxlanılmasını və ya fiziki qaydada ona təhvil verilməsini tələb etmək hüququna malikdir.
8. Qızılın Saxlanması
8.1. Satın alınmış qızıl Satıcı tərəfindən və ya onun cəlb etdiyi Partnyor vasitəsilə İstifadəçinin xeyrinə saxlanılır.
8.2. Satıcı qızılın təhlükəsiz saxlanılmasını, müvafiq uçotunun aparılmasını və İstifadəçinin mülkiyyət hüququnun qorunmasını təmin etməyə borcludur.
8.3. Satıcı qızılın saxlanılması məqsədilə bankları, ixtisaslaşmış saxlanma müəssisələrini və ya digər peşəkar Partnyorları cəlb etmək hüququna malikdir.
8.4. Satın alınmış qızıl digər şəxslərə məxsus qızıldan ayrı qaydada uçota alınır və İstifadəçinin xeyrinə fərdiləşdirilmiş şəkildə saxlanılır.
9. Qızılın Fiziki Təhvil Verilməsi (Çatdırılma)
9.1. İstifadəçi Platforma vasitəsilə mülkiyyətində olan qızılın tam və ya qismən fiziki formada təhvil verilməsini tələb edə bilər. Fiziki təhvil verilmiş qızıl bu Şərtlərin 10-cu bölməsində nəzərdə tutulmuş qaydada geri satışa təqdim edilə bilməz
9.2. Qızılın fiziki təhvil verilməsi üçün minimum miqdar 1 (bir) qramdır. Fiziki təhvil yalnız Platformada mövcud olan standart məhsul çəkilərinə uyğun hissədə həyata keçirilir. Standart məhsul çəkilərinə uyğun gəlməyən qalıq qızıl İstifadəçinin Qızıl Balansında saxlanılır.
9.3. Fiziki təhvil verilməsi tələb olunan qızılın miqdarı İstifadəçinin Qızıl Balansından silinir və həmin miqdarda qızılın təhvil verilməsi üçün Satıcıya müvafiq göstəriş ötürülür. Satıcı İstifadəçiyə qızılın fiziki təhvil verilməsinə görə məsuliyyət daşıyır.
9.4. Qızılın faktiki çatdırılması Satıcı tərəfindən cəlb edilmiş Partnyor vasitəsilə həyata keçirilə bilər. Çatdırılmanın Partnyor vasitəsilə həyata keçirilməsi Satıcının bu Şərtlər üzrə öhdəliklərini aradan qaldırmır.
9.5. Fiziki təhvil verilməsi zamanı İstifadəçinin şəxsiyyəti qanunvericiliyin və Satıcının daxili prosedurlarının tələblərinə uyğun olaraq təsdiq edilir.
9.6. Fiziki təhvil verilməsi zamanı qızılın təsadüfi məhv olması və ya zədələnməsi riski qızıl İstifadəçiyə təhvil verildiyi andan etibarən İstifadəçiyə keçir.
10. Qızılın Satılması (Geri alış)
10.1. Platformada müvafiq funksionallıq mövcud olduğu halda, İstifadəçi Qızıl Balansında olan qızılın tam və ya bir hissəsinin Platforma vasitəsilə Satıcıya satılması barədə Sifariş verə bilər.
10.2. Satış Sifarişi təsdiq edilməzdən əvvəl Platformada İstifadəçiyə ən azı satılacaq qızılın miqdarı, tətbiq olunan alış qiyməti, ödəniləcək məbləğ, habelə tətbiq olunan komissiya və digər xidmət haqları (mövcud olduqda) göstərilir.
10.3. Satış qiyməti Satıcı tərəfindən Sifarişin təsdiq edildiyi anda tətbiq olunan cari alış qiyməti əsasında müəyyən edilir və Sifariş təsdiq edildikdən sonra dəyişdirilmir.
10.4. Satış Sifarişi təsdiq edildikdən sonra müvafiq miqdarda qızıl İstifadəçinin Qızıl Balansından silinir və həmin qızıl üzərində mülkiyyət hüququ Satıcıya keçir.
10.5. Satış nəticəsində İstifadəçiyə ödənilməli vəsait Platformada göstərilən müddətdə ÖXT vasitəsilə İstifadəçinin öz adına olan bank hesabına köçürülür.
10.6. Platforma və ya Satıcı qanunvericiliyin tələbləri, texniki səbəblər və ya bu Şərtlərdə nəzərdə tutulmuş digər əsaslar mövcud olduqda Satış Sifarişinin qəbulunu və ya icrasını dayandırmaq və ya ondan imtina etmək hüququna malikdir.
11. Hədiyyə Kartı (Gift card)
11.1. Platforma İstifadəçilərə üçüncü şəxslərə hədiyyə məqsədilə müəyyən nominal məbləğdə Hədiyyə Kartı əldə etmək imkanı təqdim edə bilər. Hədiyyə fiziki sertifikat şəklində hazırlanaraq İstifadəçi tərəfindən göstərilən ünvana müəyyən edilmiş şərtlər ilə çatdırılır.
11.2. İstifadəçinin Hədiyyə Kartı sifarişini rəsmiləşdirməsi və müvafiq ödənişi həyata keçirməsi nəticəsində İstifadəçi Satıcıdan müvafiq miqdarda Qızılı üçüncü şəxsin xeyrinə əldə edir. Qızılın üçüncü şəxsin xeyrinə alışı zamanı Platformada Hədiyyə alan şəxs haqqında tələb olunan məlumatlar təqdim edilməlidir.
11.3. Üçüncü şəxsin xeyrinə Qızılın alınması tamamlandıqdan sonra həmin Qızıl İstifadəçinin hesabında əks etdirilir və Hədiyyə alan şəxs tərəfindən qəbul edilənədək İstifadəçinin mülkiyyətində qalır.
11.4. Hədiyyə Kartının sifarişi rəsmiləşdirildikdən sonra Platforma həmin Kart üzrə unikal QR kod yaradır. Qızılın Hədiyyə alan şəxsin mülkiyyətinə keçməsi yalnız Hədiyyə alan şəxsin unikal QR kodu aktivləşdirməsi, bu Şərtləri qəbul etməklə Platformada qeydiyyatdan keçməsi və hədiyyə edilmiş Qızılı qəbul etməsi ilə tamamlanmış hesab olunur.
11.5. Hədiyyə alan şəxs tərəfindən hədiyyə edilmiş Qızıl qəbul edildikdən sonra müvafiq Qızıl İstifadəçinin hesabından Hədiyyə alan şəxsin hesabına keçirilir və həmin andan etibarən Qızıl üzrə bütün hüquqlar Hədiyyə alan şəxsə keçir. İstifadəçi həmin Qızıla münasibətdə hər hansı mülkiyyət və ya digər hüquqları saxlamır.
11.6. Hədiyyə alan şəxs Hədiyyə Kartını aktivləşdirdiyi ana qədər İstifadəçinin həmin hədiyyə edilən Qızıla dair üçüncü şəxsin hüquqlarına xitam vermək ixtiyarı var. Belə olan halda, həmin Qızıl İstifadəçinin mülkiyyətində qalır və Qızılın sonrakı istifadəsi Platformanın tətbiq olunan qaydalarına uyğun olaraq həyata keçirilir.
11.7. İstifadəçi Platformada mövcud olan Qızıl Balansının tam və ya bir hissəsinin fiziki formada üçüncü şəxsə hədiyyə edilməsini sifariş edə bilər. Bu məqsədlə İstifadəçi Platformada təqdim olunan hədiyyə qutusu və digər əlavə seçimlərdən istifadə edə və Hədiyyə alan şəxsin çatdırılma məlumatlarını təqdim edə bilər. Fiziki Qızılın çatdırılması bu Şərtlərin fiziki Qızılın çatdırılmasına dair müddəalarına uyğun həyata keçirilir.
12. Ödənişlər və Xidmət Haqları
12.1. Platforma vasitəsilə həyata keçirilən ödənişlər lisenziyaya malik ÖXT tərəfindən emal edilir. Operator İstifadəçilərin pul vəsaitlərini ödəniş xidməti təchizatçısı qismində qəbul etmir, saxlamır və ya idarə etmir. Müvafiq ödənişlər ÖXT tərəfindən əməliyyatın xarakterindən asılı olaraq Satıcıya və ya İstifadəçiyə köçürülür.
12.2. Platforma vasitəsilə göstərilən xidmətlərə görə xidmət haqqı, çatdırılma haqqı, saxlanma haqqı və digər tətbiq olunan ödənişlər müəyyən edilə bilər.
12.3. Tətbiq olunan bütün xidmət haqları və digər ödənişlər müvafiq əməliyyat təsdiq edilməzdən əvvəl Platformada İstifadəçiyə təqdim edilir.
12.4. Platformada göstərilən qiymətlərə qanunvericiliklə nəzərdə tutulmuş vergilər və digər məcburi ödənişlər daxil edilə və ya ayrıca göstərilə bilər.
13. Məsuliyyətin Məhdudlaşdırılması
13.1. Operator Platformanın fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi üçün ağlabatan tədbirlər görür. Bununla belə, Operator Platformanın fasiləsiz, xətasız və ya hər zaman əlçatan olmasına zəmanət vermir.
13.2. Operator aşağıdakılara görə məsuliyyət daşımır:
13.2.1. qızılın bazar qiymətinin dəyişməsi;
13.2.2. ÖXT, bank, rabitə operatoru və ya digər üçüncü şəxslərin fəaliyyətindən irəli gələn gecikmələr və ya nasazlıqlar;
13.2.3. müvafiq Satıcının və ya Partnyorun fəaliyyətindən irəli gələn, Operatordan asılı olmayan hallar, bu müddəanın Operatorun Satıcı qismində çıxış etdiyi hallara şamil edilməməsi şərtilə;
13.2.4. internet bağlantısının nasazlığı nəticəsində yaranan problemlər;
13.2.5. fors-major halları.
13.3. Operator müvafiq Sifariş üzrə Satıcı qismində çıxış etmədiyi hallarda, Satıcının satdığı qızılın keyfiyyətinə, əyarına, həqiqiliyinə, saxlanılmasına və fiziki təhvil verilməsinə görə məsuliyyət daşımır. Bu öhdəliklər müvafiq Satıcının üzərinə düşür. Operator Satıcı qismində çıxış etdiyi hallarda isə həmin öhdəliklərə görə Satıcı kimi məsuliyyət daşıyır.
14. Risklər Barədə Xəbərdarlıq
İstifadəçi qəbul edir ki, qızılın bazar qiyməti zamanla arta və ya azala bilər. Platforma və Operator qızılın gələcək bazar qiymətinə, gəlirliliyinə və ya dəyərinin qorunub saxlanılmasına dair hər hansı zəmanət vermir. Platforma vasitəsilə qızılın alınması investisiya məsləhəti, investisiya xidməti və ya gəlirlilik vədi kimi qiymətləndirilməməlidir.
15. Əqli Mülkiyyət Hüquqları
Platformanın vebsaytı, proqram təminatı, dizaynı, ticarət nişanları, loqoları, mətnləri, qrafik təsvirləri və digər əqli mülkiyyət obyektləri Operatora məxsusdur və qanunvericiliklə qorunur. Operatorun əvvəlcədən yazılı razılığı olmadan Platformanın hər hansı hissəsinin tam və ya qismən köçürülməsi, yayılması, dəyişdirilməsi və ya kommersiya məqsədləri üçün istifadə edilməsi qadağandır.
16. Fors-major
Tərəflər iradələrindən asılı olmayaraq baş vermiş, qabaqcadan görülməsi və qarşısının alınması mümkün olmayan halların (o cümlədən təbii fəlakətlər, yanğın, müharibə, kütləvi iğtişaşlar, dövlət orqanlarının qərarları, rabitə və enerji sistemlərində genişmiqyaslı nasazlıqlar və digər fors-major halları) təsiri nəticəsində öhdəliklərin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə məsuliyyət daşımırlar. Fors-major halı aradan qalxdıqdan sonra Tərəflər öhdəliklərinin icrasını mümkün olan ən qısa müddətdə bərpa etməlidirlər.
17. Şərtlərə Dəyişikliklər
Operator bu Şərtlərə birtərəfli qaydada dəyişiklik etmək hüququnu özündə saxlayır. Dəyişikliklər Platformada dərc edildiyi tarixdən və ya həmin dəyişikliklərdə göstərilən digər tarixdən qüvvəyə minir. Dəyişikliklər qüvvəyə mindikdən sonra İstifadəçinin Platformadan istifadəsini davam etdirməsi həmin dəyişikliklərin qəbul edilməsi kimi qiymətləndirilir.
18. Tətbiq Olunan Hüquq və Mübahisələrin Həlli
Bu Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və şərh edilir. Bu Şərtlərlə bağlı yaranan bütün mübahisələr ilk növbədə danışıqlar yolu ilə həll edilməyə çalışılır. Mübahisənin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadıqda, həmin mübahisə Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.